“Maliyyə imkanlarını artırmaq üçün gələcəkdə bələdiyyə ərazisində kiçik və orta sahibkarlıq obyektlərinin artırılmasını zəruri saymaq lazımdır. Bundan başqa bələdiyyənin maliyyə imkanlarını yaxşılaşdırmaq üçün perspektivli torpaq sahələrinin təyinatına uyğun istifadə etmek, əldə olunan maliyyə ilə bələdiyyə ərazisində kiçik müəssisələrin yaradılmasını planlaşdırırıq”- bu fikirləri Belediyye.infoya Füzuli rayon Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev bildirib.
Bələdiyyələrə əlavə səlahiyyətin verilməsinə gəlincə sədr bildirib ki, bizim bələdiyyəmiz əsasən təmas xəttində yerləşir.
Bələdiyyəmizin ərazisində hər hansı bir sahibkarın fəaliyyəti bizim bələdiyyəmizin gələcək maliyyə imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər. Ancaq sahibkarların bəlkə də ərazilərimizin təmas xəttində yerləşməsindən bu işə maraqlarının azlığına və yaxudda heç olmamasına gətirib çıxarır.
Bu gün bələdiyyəmizin ərazisinin tanınmaması, bu sahəyə cavabdeh olan təşkilatların öz işini yerinə yetirməməsi bələdiyyəmizin fəaliyyətinə mənfi təsir edir. Digər bələdiyyələr öz ərazilərində hər hansı bir torpaq sahəsini satıb maliyyə vəziyyətini yaxşılaşdırmaq istəyirsə bu istiqamətdə bələdiyyədən çox digər təşkilatlar rüsum şəklində daha çox maliyyə əldə edirlər. Düşünürəm ki, bu gün torpağın sahibi olan bələdiyyə ondan istifadə də sərbəst olarsa bu bələdiyyənin imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər.
Bu gün altı ay ərzində əldə etdiyimiz maliyyə vəsaiti bizi qane etmir. Tək maliyyə qaynağımız il ərzində ANAMA-ya icarəyə verdiyimiz torpaq sahəsidir ki, bundan gələn gəlir bələdiyyənin saxlanılmasına çatmır.
Belediyye.info